Göyçayda “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi
2025-ci il fevralın 28-də Göyçay Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, rayon Təhsil Sektorunun əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Göyçay şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər rayonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açıb.
Diqqətə çatdırıb ki, Mülki Müdafiə Gününün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Əhalinin mühafizəsini, fövqəladə hallardan qorunmasını təmin etmək mülki müdafiə orqanları qarşısında mühüm vəzifə olaraq qoyulur. Qəzalar və fəlakətlər kimi fövqəladə halların qarşısının alınması, insanların hadisələr zamanı özlərini idarə etməsi məqsədilə maarifləndirmə işləri aparılır. Mülki Müdafiə Günü insanları təbii və ya texnogen xarakterli fövqəladə hallar zamanı ehtiyac duyacaqları təhlükəsizlik tədbirləri və mühafizə bacarıqları haqqında öyrənməyə çağırır.
Sonda mülki müdafiə sahəsində videoçarx və sərgi nümayiş olunub.