Göyçayda 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayon ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin uşaqları, şəhid və qazi övladları iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyəti, Göyçay rayon Heydər Əliyev Mərkəzi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqların ifasında şən mahnı və rəqslərlə yanaşı “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məlumatlar verilib, səhnəciklər nümayiş olunub.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirib ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə, tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün dövlət tərəfindən zəruri şərait yaradılıb. Ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.
Sonda uşaqlar nağıl qəhrəmanları ilə birgə rəqs ediblər.