Göyçay şəhərində veloyürüş keçirilib
Göyçay şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyi münasibətilə veloyürüş keçirilib.
Göyçay Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun təşkilatçılığı ilə baş tutan veloyürüşə Heydər Əliyev Mərkəzinin qarşısından start verilib.
Yürüşdə idmançılar, gənclər, idarə və müəssisələrin əməkdaşları, eləcə də həvəskarlar iştirak ediblər.
Velosipedçilər şəhərin mərkəzi küçələri ilə hərəkət edərək, Göyçay Olimpiya İdman Kompleksinin qarşısında yürüşü başa vurublar.
İdman tədbirinin keçirilməsində məqsəd bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması, veloyürüşün əhali arasında daha geniş vüsət alması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.