Göyçay şəhər 6 nömrəli tam orta məktəbdə “Şəhidlər muzeyi”nin açılış tədbiri keçirilib
Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhər 6 nömrəli tam orta məktəbdə “Şəhidlər muzeyi” yaradılıb.
Muzeyin açılışında rayon icra hakimiyyətinin başçısının müavinləri, rayon Təhsil sektorunun müdiri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, məktəbin kollektivi, Göyçay şəhər 6 nömrəli məktəbin məzunları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin açılışında çıxış edənlər vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı daim xatırlamaq üçün “Şəhidlər muzeyi”nin yaradılmasını təqdirəlayiq hesab etdiklərini bildiriblər.
Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığını, azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinin həyata keçirildiyi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətinin təbliğində təhsil müəssisələrinin böyük rolu vardır.
Sonra məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.