Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.
21 iyun 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ulaşlı Şıxlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Rövşən Cabbarov çıxış edərək Ulaşlı Şıxlı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.