Göyçay rayonunun Dövranlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib
16 oktyabr 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Dövranlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Seymur Qasımov çıxış edərək Dövranlı kəndində keçirilən son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məruzə etmişdir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilova çıxış edərək Dövranlı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar müxtəlif mövzularda rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər.






