Göyçay rayonunun Çayarxı kəndində Bahəddin Mirzəyev küçəsinin atomobil yolu əsaslı şəkildə yenidən qurulur
Müasir yol infrastrukturunun yaradılması Göyçay rayonunda həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Görülən işlərin davamı olaraq rayonun Çayarxı kəndində Bahəddin Mirzəyev küçəsinin atomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Uzunluğu 3,6 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilir.
Hazırda layihə üzrə yolun qum-çınqıl əsasının qurulması işləri aparılır və ardınca asfaltlanma işlərinin icrası nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılmasının və yola üfüqi nişanlanma xətlərinin çəkilişinin davam etdirilərək yekunlaşdırılması planlaşdırılır.
Bununla da yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.