Göyçay rayonunda təmizlik və abadlıq işləri davam edir
Rayon ərazisində yol kənarlarının və qəbiristanlıq sahələrinin təmizlənməsi istiqamətində həftəsonu iməcliklər təşkil olunub.
Rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli və Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, kənd bələdiyyələrinin, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli “Avtomobil Yolların Yaşıllaşdırılması” MMC-nin kollektivinin iştirakı ilə Qarabaqqal və Ərəbcəbirli bələdiyyələrinin ərazisindən keçən respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunda abadlıq və təmizlik işləri aparılıb. Yol kənarları məişət tullantılarından və kol-kosdan təmizlənib.
Eyni zamanda Cəyirli, Çərəkə və Yeniarx bələdiyyəsi ərazilərində də iməcliklər keçirilib. Kəndlərin mərkəzi yollarının kənarları tullantılardan, alaq otlarından və qaz xətlərinin üzəri kol-kosdan təmizlənərək səliqə-səhman yaradılıb.
Bundan əlavə, Məlikkənd və Şıxbəy kənd qəbiristanlıqlarında da iməclik aparılıb. Ərazilər alaq otlarından və kol-kosdan təmizlənib, qəbiristanlıqların abadlığı təmin olunub.
✨ Abadlıq və təmizlik tədbirləri rayonun digər kəndlərində də ardıcıl şəkildə davam etdirilir.






