Göyçay rayonunda qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir
“Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019- 2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1143 nömrəli sərəncamın 10.12.3 maddəsinin icrası ilə bağlı Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı” maarifləndirmə tədbiri keçirilmişdir.
Göyçay Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Mərkəzi Aran Regional Bölməsinin Qida təhlüksəziliyinə nəzarət sektorunun müdiri Elvin Qasımov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşlər zamanı ətraflı söhbətlər aparılaraq əhali arasında qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyi bildirilmişdir.
Çıxışlar zamanı ilk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulu seçilməli, istifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməli olduğu bildirilmişdir.
Həmçinin görüşlər zamanı qida təhlükəsizliyinin cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahə olduğu qeyd edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.






