Göyçay rayonunda Qarayazı kənd tam orta məktəbin 100 illik yubileyi ilə bağlı tədbir keçirildi
Göyçay rayonunda Qarayazı kənd tam orta məktəbin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon təhsil sektorunun müdiri, təhsil işçiləri, məktəbin məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.
Məktəbin direktoru tədbiri giriş sözü ilə açaraq, qonaqlara 100 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. O, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.
Sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon təhsil sektorunun müdiri Rauf Məmmədov və digər qonaqlar çıxış edərək məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb, bir əsrlik yaşı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsilə nəticələndiyini bildiriblər.
Tədbirdə şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.