Göyçay rayonunda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda regional seminar-treninq keçirildi
25 may 2023-cü il tarixdə Göyçay rayonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda regional seminar-treninq keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Azərbaycan İlahiyyat İnstitutunun dekanı Elnurə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin nümayəndəsi, Göyçay Təhsil Sektorunun müdiri Rauf Məmmədov və Göyçay, Ucar, Zərdab, Kürdəmir məktəblərinin müəllimləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirib ki, yeniyetmə və gənclərin dini fanatizm, məzhəbçilik təsirlərinə məruz qalmaması, milli-mənəvi dəyərlərimizə sadiq sağlam ruhda formalaşdırılması, bu sahədə görülən işlərin effektivliyinin artırılması, beləliklə də dini mühitdəki məzhəbçi meyillərinin zərərsizləşdirilməsi məqsədilə Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi ilə birgə seminar-treninqlər təşkil edilir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin nümayəndəsi Rüstəm Aslanov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova “Ümumtəhsil müəssisələrində dini maarifləndirmə işinin təşkili” mövzusunda, Azərbaycan İlahiyyat İnstitutunun dekanı Elnurə Əzizova isə “Gənc nəslin radikalizm təsirlərindən qorunmasında milli mənəvi dəyərlərin rolu” mövzusunda təqdimatlar edərək gənclərin zərərli ideologiyaların təsiri altına düşməməsi üçün məktəblərdə geniş təbliğat işlərinin aparılmasına zəruri ehtiyac olduğunu vurğulayıblar.
Sonda “Azərbaycan gəncləri və mənəvi dəyərlər” mövzusunda videoçarx nümayiş edilib və maraqlı müzakirələr aparılıb.