Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda bitki mənşəli məhsulların ilkin istehsalçıları ilə qida təhlükəsizliyi qeydiyyatı mövzusunda görüş keçirilmişdir

02 may 2025 | 10:56

01 may 2025-ci il tarixində “Ölkədəki bitki mənşəli məhsul istehsalı sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınması işinin təşkili üzrə Tədbirlər Planı”-nın icrasının təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Mərkəzi Aran regional bölməsinin əməkdaşlarının da iştirakı ilə Göyçay Rayon İcra Hakimiyyətində maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial–iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Mahir Məlikov, rayon icra hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və fəaliyyətini bitki mənşəli məhsulların ilkin istehsalı sahəsində həyata keçirən bir qrup sahibkar iştirak edib.

Görüş zamanı qeyd olunub ki, bitkiçilik qeyri-neft sektorunun əsas sahələrindən biri olmaqla ölkə iqtisadiyyatında böyük rol oynayır. Bu sahə ham daxili bazar tələbatının ödənilməsi və həm də ixracat potensialının artırılmasında mühüm yer tutur. Yəni, fermerlər və bitkiçilik təsərrüfatlarının sahibləri bitkiçiliklə məşğul olaraq həm daxili bazarı məhsulnan təmin edir, həm də iqtisadiyyata dəstək verirlər. Bitki mənşəli məhsul istehsalı sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınması isə bu sahənin inkişafına xüsusi dəstək verəcək və qeydiyyata alınan təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləməyə kömək edəcək.

Həmçinin bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsinə əsasən qida məhsulları sahəsində  fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi qeydiyyatına alınır. Həmin Qanunun 24.11-ci maddəsinə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış  təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Qeydiyyat yalnız ölkədaxili iqtisadiyyat üçün deyil, beynəlxalq fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur.

Əlavə olaraq qeyd edilib ki, qeydiyyat prosesi tamamilə ödənişsiz həyata keçirilir və sahibkarlar üçün heç bir əlavə öhdəlik yaratmır. Fermerlər bu prosesə AQTİS sistemi üzərindən onlayn, həmçinin “ASAN xidmət”, KOB mərkəzləri və AQTA-nın regional bölmələri vasitəsilə müraciət edə bilərlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və təkliflər dinlənilmişdir.

Keçidlər