Göyçay rayonunda abadlıq və tikinti işləri davam etdirilir
Rayon rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, aidiyyəti təşkilatların iştirakı ilə rayon ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri işləri mütəmadi olaraq davam etdirilir.
Belə ki, şəhərin M.Ə.Rəsulzadə, Natəvan, Bakı, N.Nərimanov, Nizami, Atatürk, Ə.Kərim, S.Vurğun, Xəqani, Şəhriyar küçələrində və Heydər Əliyev prospektindəki yolların kənarları kol-kosdan, məişət tullantılarından, suvarma arxları lil və çöküntülərdən təmizlənir.
Qeyd olunan küçələrdə, həmçinin Əli Kərim adına parkın, Şəhidlər Xiyabanın ərazisindəki ağacların gövdələri ağardılır, suvarılır və abadlıq işləri davam etdirilir.
Şəhər Avtovağzal kompleksinin yaxınlığındakı, Çərəkə, Qızılağac, Bığır, Bəydövül və Qarayazı kəndlərinin ərazisindən keçən suvarma arxları lil və çöküntülərdən təmizlənmişdir. Şəhər ərazisində küçə və prospektlərdəki yol cizgi xətləri və piyada zolaqları yenilənir.
Yaşayış evlərinin və özəl sahə obyektlərinin sahiblərinə ərazinin təmiz saxlanılması barədə xəbərdarlıq edilib.
Həyata keçirilən genişmiqyaslı işlərin nəticəsidir ki, Göyçay rayonu gündən-günə abadlaşan bölgələrimizdən birinə çevrilib.