Göyçay rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların dördüncü ildönümü qeyd edilib
14 oktyabr 2024-cü il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Eyvazov Əli Sehran oğlunun ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında və Həsənov Xəyal Zeynəddin oğlunun ildönümü Qaraman kəndində məzarları önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, Şəhid Eyvazov Əli Sehran oğlu 30.06.2001-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Həsənov Xəyal Zeynəddin oğlu 16.04.2002-ci il tarixdə Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 26.05.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.