Göyçay rayonunda “12 Noyabr - Konstitusiya Günü” qeyd olunub
“12 Noyabr - Konstitusiya Günü” münasibətilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon Polis şöbəsinin rəisi Müqalib Abdıyev, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri şəhərin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Ölkənin Əsas Qanunun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1995-ci il 15 dekabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Bu günlərdə müstəqil dövlətçilik tariximizdə xüsusi və olduqca mühüm yer tutan hadisənin, yəni hüquq sisteminin özəyini təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin növbəti il dönümü qeyd olunur.
29 il bundan öncə, 1995-ci il noyabrın 12-də müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərləri bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Ölkə konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olaraq, həmçinin ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoydu.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi bu önəmli tarixi daha da əlamətdar edir.
Bu gün hər bir azərbaycanlı prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazisində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.