Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kəndlərdə səyyar görüşlərin keçirilməsi davam edir
02 avqust 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Yenikənd kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz Beydullayev çıxış edərək Yenikənd kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.