Göyçay rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Göyçay rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Samirə Vəliyeva açaraq bildirib ki, 1989-cu ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya hər bir uşağın sahib olduğu hüquqları və iştirakçı dövlətlərin öhdəliklərini təsbit edən, uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu vurğulayan beynəlxalq sənəddir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov qeyd edib ki, uşaq hüquqları - dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Mərkəzin elmi işçisi Ülkər Abdullayeva çıxış edərək bildirib ki, uşaqlar gələcəyimizi təcəssüm etdirən ən dəyərli sərvətimizdir. Uşaq hüquqlarının müdafiəsi və təbliği uşaqların inkişafı, rifahı, onların müxtəlif zərərlərdən qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Sonda mövzuya dair videoçarx nümayiş olunub.