Göyçay Mədəniyyət Mərkəzində “Şəhidlərin şahidləri” adlı kompozisiya təqdim edilib
Sentyabrın 26-da Göyçay Mədəniyyət Mərkəzində “Şəhidlərin şahidləri” adlı səhnələşdirilmiş kompozisiya nümayiş edilib.
Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında hazırlanmış kompozisiya 27 Sentyabr Anım Gününə həsr olunub.
Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə nümayiş etdirilən səhnə əsərini İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının və Regional İdarənin rəhbərliyi, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları, müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri izləyib.
Vətən müharibəsində 44 gün ərzində qazanılmış şanlı zəfərimizin qəhrəmanlıq salnaməsi kimi təqdim edilən kompozisiyada igid oğullarımızın Vətənin azadlığı və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıq obrazlı şəkildə əksini tapıb.
Şanlı Qələbənin qəhrəmanlarının xatirəsini əbədi yaşatmaq, gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq məqsədilə təqdim edilən kompozisiya qəhrəman oğullarımıza minnətdarlıq və sonsuz hörmətin ifadəsidir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı tamaşada iştirak edən aktyor heyəti ilə görüşüb və öz təşəkkürünü bildirib.






