Göyçay Dövlət Peşə Liseyinin “90 illik Yubiley” tədbiri keçirilib
1933-cü ildən fəaliyyətə başlayan Göyçay Peşə Liseyinin “90 illik Yubiley” tədbiri keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Günel Əhmədova, Liseyin şəhid məzunlarının valideynləri, qocaman təqaüdçü mühəndis-pedaqoji heyəti, liseyin məzunları, rayonun müəssisə və təşkilat rəhbərləri, Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Sərvət Ağayev, liseyin mühəndis-pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Göyçay Dövlət Peşə Liseyinin şəhid məzunlarının əziz xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək liseyin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sonra yubiley Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummmilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yubiley tədirini giriş sözü ilə açan Liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Günel Əhmədova gələn qonaqları salamlayaraq,onlara öz təşəkkürünü bildirib, həmçinin liseyin fəaliyyəti haqqında məlumat verib.
Qonaqlar salamlayan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova liseyin yubileyi münasibətilə mühəndis-pedaqoji heyəti təbrik edərək, lisey haqqında öz ürək sözlərini bildirib. Müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin istər ölkəyə 1969-1982-ci illərdəki hakimiyyəti dövründə, istərsə də müstəqillik qazanıldıqdan sonrakı dövrdə hər zaman təhsil sahəsinə xüsusilə diqqət etdiyini və bu sahədə gördüyü misilsiz xidmətlərindən danışıb.
Tədbirdə şəhid valideynləri adından Liseyin müəlliməsi şəhid Ömərli Kənanın anası Məhluqə Ömərova, uzun illər liseydə çalışan mühəndis-pedaqoji heyət adından Fərhad Əliyev, Abasət Əliyev və digər müəllimlər çıxış edərək, liseyin keçmiş tarixi haqqında öz fikirlərini bildirib və göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Liseyin məzunları şair Anar Vəziroğlu və Azərbaycan Yazıçılar Birliyinin üzvü Qalib Nuri Arif təhsil aldıqları Göyçay Dövlət Peşə Liseyi haqqında keçmiş xatirələrini danışaraq, liseyin kollektivinə təşəkkürlərini bildiriblər.
Sonda mühəndis-pedaqoji heyət və tələbələrə liseyin rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib və tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş edilib.