Birinci Qarabağ müharibəsində itkin şəhid sayılan Ayaz Zərbalıyev Göyçayda dəfn edilib
12 sentyabr 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Zərbalıyev Ayaz Əsgəralı oğlunun nəşi Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin vida mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Şəhid Ayaz Zərbalıyevin nəşi ailəsinin yaşadığı Potu kəndinə gətirilib, cənazə namazı qılınıb və şəhidlərimizin ruhuna dualar oxunub. Sonra “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilərək Göyçay şəhər Şəhidlər Xiyabanına gətirilib və torpağa tapşırılıb. Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb, şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzülüb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan dövlətimiz möhtəşəm Qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra itkin şəhidlərin nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində aparılan işlər şəhidlərimizin xatirəsinə olan diqqət və qayğının nümunəsidir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını qardaşı Müşviq Zərbalıyevə təqdim edib.
Şəhid Zərbalıyev Ayaz Əsgəralı oğlu 08 yanvar 1969-cu ildə Göyçay rayonunun Potu kəndində anadan olub. 1987-ci ildən 1989-cu ilədək Sovet İttifaqının Ukrayna Respublikasının Zaporojye şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə səfərbərlik üzrə xidmətə cəlb edilərək Azərbaycan ordusunda hərbi xidmətə çağrılıb, Ağdərənin və Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib və böyük şücaət göstərib. 30 mart 1993-cü ildə Kəlbəcər rayonunun Çələkdar kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Göyçay rayon Məhkəməsi tərəfindən 2007-ci ildə şəhidlik status verilməsi haqqında qərar qəbul edilib.






