Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rəhimov İlqar Şaiq oğlu torpağa tapşırılıb
24 may 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Rəhimov İlqar Şaiq oğlu Göyçay rayonunun Müskürlü kəndində dəfn edilib.
Şəhidin vida mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və əlilləri, rayon sakinləri iştirak ediblər.
Şəhid Rəhimov İlqar Şaiq oğlunun nəşi Göyçayda izdihamla qarşılanıb, ailəsinin yaşadığı Müskürkü kəndinə gətirilib. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Cənazə namazından sonra Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında şəhid Göyçay rayonunun Müskürlü kənd qəbiristanlığında torpağa tapşırılıb, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, məzarı üstünə əklil və gül dəstələri düzülüb.
Sonra şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin qardaşına təqdim edilib.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan dövlətimizin şəhidlərimizə göstərdiyi ən böyük diqqət və qayğının bariz təzahürüdür ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq itkin düşmüş hesab olunanların nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, şəhid Rəhimov İlqar Şaiq oğlu 13 may 1973-cü ildə Göyçay rayonu Müskürlü kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan ordusunda hərbi xidmətə yollanaraq Qazax rayonunda yerləşən hərbi hissədə xidmətə başlamışdır. 1994-cü ildə Murovdağ uğrunda gedən döyüşlərdə topçu kimi iştirak etmişdir. Həmin ilin fevral ayının 16-da Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Göyçay rayon Məhkəməsi tərəfindən 2007-ci ildə şəhidlik status verilmişdir.