Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Aydın Nuriyev Göyçayda dəfn edilib
30 oktyabr 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Nuriyev Aydın Nəriman oğlunun nəşi Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin vida mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabır Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Şəhid Aydın Nuriyevin nəşi ailəsinin yaşadığı Mırtı kəndinə gətirilib, cənazə namazı qılınıb və şəhidlərimizin ruhuna dualar oxunub. Sonra “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilərək Göyçay rayon Mırtı kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb, şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzülüb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan dövlətimiz möhtəşəm Qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra itkin şəhidlərin nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində aparılan işlər şəhidlərimizin xatirəsinə olan diqqət və qayğının nümunəsidir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını şəhidin qardaşına təqdim edib.
Şəhid Nuriyev Aydın Nəriman oğlu 1966-cı ildə noyabr ayının 5-də Göyçay rayonunun Mırtı kəndində anadan olmuşdur. 1973-cü ildə Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş və 8-ci sinifi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və təhsilini bitirdikdən sonra 1985-ci ildə Sovet İttifaqının Murmansk vilayətində Sovet donanmasında hərbi xidmətə başlamışdır. 1988-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Xocalı Tikiş Fabrikində əmək fəaliyyətinə başlamış və 1992-ci ildə Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi Xocalı könüllü müdafiə batalyonu tərkibində Vətənin müdafiəsinə qoşularaq bir çox döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin fevral ayının 26-da Xocalı rayonunun müdafiəsi zamanı şəhid olaraq itkin düşmüşdür.






