Azərbaycan Ağsaqqallar Şurası Göyçay rayon təşkilatının hesabat konfransı keçirilib
03 iyul 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyevin iştirakı ilə Azərbaycan Ağsaqqallar Şurası Göyçay rayon təşkilatının hesabat konfransı keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin ötən hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqallarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qeyd edib ki, rayonun nüfuzlu ziyalıları, müdrik ağsaqqalları həmişə dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdiriblər. Azərbaycan dövlətinin Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin inkişafı və daha da güclənməsi naminə müstəsna xidmətlərini gənc nəslin diqqətinə çatdırmaqla onların milli vətənpərvərlik ruhunda formalaşmasında xidmət göstəriblər.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının Göyçay rayon təşkilatının sədri Xəlil Orucovun hesabat məruzəsi dinlənilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov çıxış edərək bildirib ki, hər zaman olduğu kimi bu gün də biz ağsaqqallar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməli, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti yüksək səviyyədə dəstəkləməliyik.
E.İbrahimov yerli təşkilatın hesabatını qənaətbəxş hesab edərək, fəaliyyəti daha da aktivləşdirməsi ilə bağlı öz tövsiyələrini verib, hər bir ağsaqqala möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev çıxış edərək qeyd ediblər ki, ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı xidmətləri, eləcə də dövlətimiz tərəfindən yaşlı nəslin nümayəndələrinə qayğı göstərilməsi daim ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Sonda təşkilatı məsələlər müzakirə olunub, Əhmədov Nazir Əhmədəli oğlu Azərbaycan Ağsaqqallar Şurası Göyçay rayon təşkilatının sədri və 13 nəfər idarə heyətinin üzvü seçilib.






