Aprel döyüşlərində şəhid olmuş Teymur Qasımovun ildönümü məzarı önündə qeyd olundu
2016-ci ilin aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Teymur Mikayıl oğlu Qasımovun ildönümü rayonun Çaxırlı kəndində məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.
Göyçay rayonunun Çaxırlı kəndində keçirilən mərasimdə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə şəhidin ailəsinə baş sağlığı verilərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın həyatları bahasına torpaqlarımızı düşməndən, işğalçılardan azad edildiyi qeyd olunmuşdur.
Çıxış edənlər şəhid Teymur Qasımovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmışlar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Lələtəpə yüksəkliyinin azad olunması zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində dəfn edilib.
Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib.