Aprel döyüşlərində şəhid olmuş Teymur Qasımovun ad günü məzarı önündə qeyd olundu
2016-ci ilin aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Teymur Mikayıl oğlu Qasımovun ad günü iyunun 28-də rayonun Çaxırlı kəndində məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, kənd sakinləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Göyçay rayonunun Çaxırlı kəndində keçirilən mərasimdə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə şəhidin ailəsinə baş sağlığı verilərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın həyatları bahasına torpaqlarımızı düşməndən, işğalçılardan azad edildiyi qeyd olunmuşdur.
Çıxış edənlər şəhid Teymur Qasımovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmışlar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı. Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.