Göyçayda Ehsan Qafur oğlu Kərimovun anadan olmasının 87 illiyinə həsr edilmiş yeniyetmələr arası Yunan- Roma güləşi üzrə ənənəvi VII Respublika turniri başa çatmışdır.
Göyçayda Bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Prezident təqaüdçüsü Ehsan Kərimovun xatirəsinə həsr edilmiş Yunan- Roma güləşi üzrə VII respublika turniri keçirilmişdir. Keçirilən xatirə turnirinin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Ehsan Kərimovun oğlu professor Atiq Kərimov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışmışlar.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Göyçay Olimpiya İdman Kompleksi tez bir zamanda rayonda idman hərəkatının geniş vüsət almasına səbəb olmuşdur.
Çıxış edənlər 1927 –ci ildə Göyçay şəhərində anadan olmuş tanınmış güləşçi Ehsan Kərimovun həyat və fəaliyyətindən, idman sahəsində əldə etdiyi uğurlardan söz açmışlar.
Üç gün davam edən Yunan- Roma güləşi üzrə yarışda 30-a yaxın şəhər və rayonlardan 200-dən artıq yeniyetmə idmançı qüvvəsini sınamışdır. Yarışı Azərbaycan Güləş Federasiyasının Beynəlxalq dərəcəli hakimi Natiq Hacıyevin rəhbərlik etdiyi hakimlər idarə etmişlər.On altı çəki dərəcəsi üzrə ilk üç yeri tutanlara medal və diplomlar verilmişdir. Yarışın təşkilat komitəsi gələcəkdə bu turnirin beynəlxalq səviyyədə təşkil edilməsini nəzərdə tutur.