Göyçayda şəhidlərin ildönümü qeyd olundu
Noyabrın 20-də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Göyçay rayon Bığır kənd sakini olan Mehman Qaçay oğlu Şirəliyevin və Ləkçılpaq kəndindən olan şəhid Abdulcəmil Xəqani oğlu Bilalovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Tədbir məktəblilərin şəhidlərə həsr olunan şeirləri ilə davam etdirilib.