Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda beynəlxalq abidələr və tarixi yerlər günü qeyd edilmişdir

19 aprel 2014 | 15:00

 

     Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət və təhsil işçiləri, yazıçılar, muzey əməkdaşları, kitabxanaçılar, ziyalılar, müəllim və şagirdlər iştirak etmişlər. Tədbirdə çıxış edən muzeyin direktoru Solmaz Həsənova bildirmişdir ki, abidələr və tarixi yerlər günü   bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Abidələrimizin bəşəri əhəmiyyətini nəzərə alan  YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan "Dünya İrs" jurnalı da İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun  təhlükədə olan İrs siyahısından çıxarılması haqqında məqalə dərc etmişdi. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınan ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıb. Hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən məhv edilir.
      Məlumat verilmişdir ki, əsaslı təmirdən sonra istifadəyə verilən Rəsul Rzanın ev muzeyində 700-ə yaxın eksponat, o cümlədən xalq şairi Rəsul Rzanın fotoşəkilləri və rəsm əsərləri, kitabları, diplom və mükafatları, tar, ov tüfəngi, piano, çap makinası və digər şəxsi əşyaları qorunur. Rəsul Rzanın ev-muzeyində müxtəlif görüşlər, yubley tədbirləri, habelə məktəblilərə ədəbiyyat dərsləri keçirilir. 1933-cü ildə inşa edilən, ümumi sahəsi 150 kvadratmetr olan 5 otaqlı evin tavanı, döşəməsi, qapı-pəncərələri, dam örtüyü, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuşdur. Ev-muzeyin həyətyanı sahəsində müxtəlif növ meyvə ağacları əkilmiş, abadlıq işləri aparılmışdır. Muzeyin qarşısında xalq şairi Rəsul Rzanın büstü qoyulmuşdur.
     Sonra məktəblilərin şeir söyləməsi, rəqs etməsi mahnılar ifa etməsi tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir. Şəhər 3 saylı məktəbin müəlliməsi Raisa Şevelyova Fyodorovnanın yetirmələri olan Kamilə Məmmədova, Azər Məmmədov, Leyla Əliyeva, Fatimə Hüseynova, Fidan Əlizadə, Gülsüm Qurbanlı, Zeynəb Əhmədzadə, Sabir Məmmədov, Natavan Hüseynova və Xumar Yəhyayevanın çıxışı maraqla qarşılanmışdır. 

 

Keçidlər