Alpout kəndindən olan Şəhid Bayram Orucovun ildönümü qeyd olundu
24 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonu Alpout kəndindən olan şəhid Bayram Çərkəz oğlu Orucovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, oktyabrın 24-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Bayram Orucov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.