Göyçayda 2014-cü ilin birinci rübünün yekunları müzakirə edilmişdir
Göyçay rayon İcra Hakimiyyəində 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda ötən 3 ay ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, birinci rübdə iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2014-cü ilin birinci rübündə ümumi məhsul istehsalı 2013-cü ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 3967,5 min manat artaraq 43930,4 min manata çatmışdır. Ötən müddət ərzində 6163,2 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Sənaye məhsulunun 74,9 faizi qeyri dövlət bölməsində istehsal olunmuşdur.
Rüb ərzində1557 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır ki, ötən ilin eyni dövrü ilə müqayisədə 43 hektar çoxdur. Hazırda yazlıq bitkilərin əkini davam etdirilir. Bütövlükdə rüb ərzində 9938,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 1096,4 min manat və ya 12,4 faiz çoxdur. Rayonun tikinti təşkilatları tərəfindən cari ildə 1032,7 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur. Hesabat dövrü ərzində pərakəndə əmtəə dövriyyəsi 4,4 faiz, pullu xidmətlərin həcmi 10,6 faiz artmışdır. Hesabat dövründə Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası, Muğanlı-Yevlax avtomobil yolunun rayondan keçən hissəsinin tikintisi, Göyçay-Ucar avtomagistralının yenidən qurulması işləri uğurla davam etdirilmişdir.
Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür.
Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının fasad hissələrinin müasir tələblər səviyyəsində üzlənməsi işləri aparılmış, şəhərin Nizami küçəsində abadlıq işləri aparılmış, yağış sularını ötürən beton arxlar yenisi ilə əvəz edilmiş, Heydər Əliyev prospektinin yenidən qurulması işləri davam etdirilmiş və bütün prospektdə yeni asfalt örtüyünün vurulması üçün hazırlıq işləri başa çatdırılmışdır. 2014-cü ilin birinci rübündə 224 yeni iş yeri açılmışdır.
Bütövlükdə 2003-2014-cü illərdə rayonda 10263 yeni iş yeri açılmışdır ki, bunun da 8219-u və ya 80,1 faizi daimi iş yerləridir. Hesabat dövründə mərkəzi rayon xəstəxanasının əsaslı yenidən qurulması işləri, Müskürlü kəndində180 yerlik ümumi orta məktəbin, Qəbələ-Müskürlü kəndində 80 yerlik məktəb binalarının tikintisi davam etdirilmişdir.
Toplantıda nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılmış, onların həlli yolları müzakirə edilmişdir.