Şəhid İntiqam Şirəliyevin adına inşa olunmuş bulağının açılışı oldu
29 sentyabr 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Potu kənd sakini, İntiqam Bəxtiyar oğlu Şirəliyevin ildönümü və adına inşa olunmuş xatirə bulağının açılışı oldu.
Koronavirus pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Bulağın açılışında şəhidin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İntiqam Şirəliyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.