Göyçayda ali məktəblərə qəbul zamanı 600 baldan yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib
Sentyabrın 13-də bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gənclərinin bir qrupu ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət İmtahan Mərkəzinin Regional Şöbəsinin müdiri, rayon təhsil şöbəsinin nümayəndələri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə və Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarlarına gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı ali məktəbə daxil olan tələbələri bu xoş gün münasibəti ilə təbrik etmiş və Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilib.
Bildirilmişdir ki, 2021-ci ildə keçirilən qəbul imtahanlarında iştirak etmiş rayon məktəblərinin məzunlarından 306 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onlardan 5 nəfəri 600-dən yüksək bal, 41 nəfəri isə 500 baldan yuxarı nəticə göstərərək tələbə adına layiq görülmüşlər. Rayon üzrə ən yüksək nəticəni Bığır 2 saylı tam orta məktəbin məzunu olmuş İsmayılov Ziyəddin Zahid oğlu göstərmişdir. Belə ki, Ziyəddin İsmayılov 637 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalava çıxışında qeyd etdi ki, 2020-ci ildə xalqımız tarixi qələbə dolu şərəfli günlər yaşadı. Müzəffər Ali Baş Komandan ölkə prezidenti cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və ordumuzun gücü, qüvvəsi, şücaəti nəticəsində düşmən öz layiqli cavabını aldı. Əfsuslar olsun ki, 27 sentyabr 2020-ci ildən başlayaraq 10 noyabr 2020-ci il tarixədək davam edən Vətən müharibəsi zamanı 3000-ə yaxın şəhidimiz oldu. Şəhidlərimizdən 43-ü Göyçaylı olmaqla bütün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Bu gün həmin şəhidlərimizdən ikisinin bizə əmanət qoyub getdikləri övladları Əhmədli Turqut Zamiq oğlu və Məmmədova Ləman Pərvin qızı ilk dəfə məktəbə yollanacaq.
Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir karantin qaydalarına uyğun olaraq keçirilib.