Rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi
İyulun 29-də rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər və vaksinasiya prosesinin gedişinə həsr olunmuş iclas keçirilmişdir.
İclasda idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, qərargah üzvləri iştirak edirdilər
Rayon icra hakimiyyətinin başçısı rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında peyvəndləmə prosesinin davam etdirilməsi, mobil qruplar və xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə işlərinin gücləndirilməsi, bankomatların, terminalların, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçələrin dezinfeksiya edilməsinə nəzarətin artırılması ilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
İclasda qeyd olunmuşdur ki, rayon əhalisinin koronavirusa qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər həyata keçirilməli və səyyar həkim briqadaları tərəfindən vətəndaşların vaksinasiya prosesi davam etdirilməlidir.
İclasda həmçinin rayon ərazisində ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bələdiyyələrin fəaliyyətindən, yerlərdə şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərinə diqqət və qayğı ilə yanaşılması məsələləri müzakirə edilmişdir.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd olunan məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.