Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 31-mart soyqırım qurbanlarının xatirəsi anılıb

01 aprel 2014 | 15:00

 

Göyçay rayonunda 31-mart soyqırım abidəsi önündə anım mərasimi keçirilib. Tədbirdə rayon ictimaəti, ziyalılar və məktəblilər iştrak edib. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı abidə önünə gül dəstələri qoyub, sonra isə tədbirə gələn iştrakçılar abidə önündən keçərək öz ehtramlarını bildiriblər.
Ermənilər 1918-ci ildə ölkəmizin bir çox bölgələrində olduğu kimi Göyçayda da kütləvi qırğınlar törədiblər.
1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Lənkəranda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda kütləvi qırğınlar törədən erməni daşnakları sonradan ölkəmizin paytaxtı olan Gəncə şəhərinə doğru hücuma keçiblər. Lakin, Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı həmkarları ilə birləşərək erməni hücumunun qarşısını alıblar. 1918-ci il iyunun 27-dən iyulun 2-dək Göyçay ərazisində gərgin döyüşlər baş verib. Göyçayın Qarabaqqal kəndinin ərazisi bir həftə davam edən döyüşlərin dönüş nöqtəsi olub. Yəni, türk və azərbaycanlı əsgərlər daşnakları məhz Göyçay döyüşlərindən sonra geriyə çəkilməyə məcbur etmiş və onları Bakıyadək qovublar. 1918-ci ilin sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad edilərək Azərbaycanın paytaxtı elan olunub.
Göyçay rayonunda həmin qanlı tarixi hadisələri yaşadan maddi-mədəniyyət nümunələri bu gün də qorunub saxlanılır. 1918-ci ildə Göyçay ərazisində baş verən döyüşlər zamanı Boz dağda quraşdırılmış erməni topundan atılan mərmi Göyçay şəhərindəki bir çinar ağacının boynuna düşmüş və ağacı məhv edib. Lakin, buna baxmayaraq çinar ağacı yenidən boy atmış və bir gövdədən 4 budaq çıxmışdır. İndi həmin budaqların hər biri böyük bir ağacı xatırladır.  Bu gün Göyçayda belə bir deyim var: "Ermənilər xalqımızı qırdılar, lakin kökümüzü kəsə bilmədilər. Ölən hər bir şəhidin yerinə 4 oğul dünyaya gəldi. Beləcə insanlar artdı, çoxaldı".  Böyük gövdəsi olan bu çinar ağacı həmin qanlı döyüşləri özündə yaşadır və həmin tarixin canlı şahidi olan abidə kimi qorunur. Çinar ağacı rayona gələn qonaqların seyr etdiyi maddi-mədəniyyət nümunələrindən biridir.
Rayonun Bığır, Qaraməryam və Müskürlü, Cəyirli, Potu, Qarabaqqal kəndlərində mövcud olan naməlum türk əsgərlərinin məzarları 1918-ci ilin tarixi nişanəsi kimi qorunur. Mart hadisələri zamanı həlak olan  azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi üçün Göyçay şəhərində  ucaldılan soyqırım abidəsi də tarixin qan yaddaşını özündə əks etdirir. Bu abidə gənclərin və rayona gələn qonaqların ziyarət etdiyi yerlərdəndir. Həmçinin, rayon tarix-diyarşunaslıq muzeyində azərbaycanlıların soyqırımı və deportasiya tarixini, 1918-ci ildə ölkəmizin müxtəlif bölgələrində o cümlədən Göyçayda törədilən qanlı hadisələri əks etdirən faktlardan ibarət daimi güşə yaradılıb ki, bu da gənclərin, məktəblilərin ziyarət etdiyi və ən çox maraqla baxdığı lövhələrdən biridir.

Keçidlər