Göyçay şəhərində şəhid bulağının açılışı olub
15 iyul 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid Maarif Rahim oğlu Həsənovun Göyçay şəhərində koronavirus pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə xatirə bulağının açılışı olub.
Açılışda Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib.
Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Bulağın açılışında şəhidin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. Noyabrın 17-də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Maarif Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.