Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul martın 6-da Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göyçay, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət və təkliflərini dinləmişdir. Qəbulda 60-a yaxın vətəndaş iştirak etmişdir. Müraciətlər əsasən uşaqların övladlığa verilməsi, əlil uşaqların müalicəsi və əlil arabaları ilə təminatı, qızların təhsildən yayınması, erkən nikah və boşanmaların yaratdığı problemlər, həmçinin qadın sahibkarlara dəstək məsələləri ilə əlaqədar olmuşdur.
Qadınların işlə təminatı, sağlamlıq, təhsil, yaşayış şəraitinin yaxşılaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də edilmişdir.
Qəbul zamanı müraciətlərin bir çoxu yerindəcə həllini tapmışdır. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülmüşdür.