Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxanada "Qəhrəman övladları" adlı tədbir keçirildi
01 iyun 2021-ci il tarixdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göyçay şəhər M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada "Qəhrəman övladları" adlı tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Mingəçevir Dövlət Dram Teatırının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və övladları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanana tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova əlamətdar gün münasibəti ilə uşaqları təbrik edərək bildirdi ki, hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə torpaq uğrunda canından keçən Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, övladlarına sahib çıxmaq hər birimizin borcudur.
Sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov qeyd etdi ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimizi qorumaq isə hamımızın borcudur.
Çıxış edənlər şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əlamətdar gündə övladlarının yad olunmasını Şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Sonda rayon icra hakimiyyəti tərəfindən ölkəmizin suverenliyi uğrunda canlarından keçən Vətən müharibəsi Şəhidlərimizin övladlarına hədiyyələr təqdim olunub.