“Sağlam ailə - möhkəm cəmiyyətin təməlidir” mövzusunda videokonfrans keçirildi
08 may 2021-ci il tarixdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 15 may “Beynəlxalq Qələbə günü” münasibətilə “Sağlam ailə - möhkəm cəmiyyətin təməlidir” mövzusunda videokonfrans keçirildi.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova rayon İcra Hakimiyyəti adından videokonfrans iştirakçılarını salamlayaraq bildirdi ki, 15 may – Beynəlxalq ailə günüdür. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Sonra çıxış edənlər- rayon qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regional şöbəsinin əməkdaşı Rauf Nəsirov, Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi şəxsin Ailə sağlamlıq mərkəzinin həkimi Səbinə İbrahimova, şəhər 3 nömrəli məktəbin psixoloqu Tünzalə Vətənxah və rayon Mərkəzi Kitabxananın direktoru, Şəhid Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ailələrin sosial problemlərinin mərhələli şəkildə həllini tapması və bizim hər birimizin başlıca vəzifəmiz həmin ailələrə diqqətlə yanaşmaq olduğunu qeyd etmişlər.