Göyçayda Xocalı sakinləri ilə görüş keçirilmiş, ehsan süfrəsi açılmışdır
Xocalı faciəsinin 22–ci ildönümü ilə bağlı Göyçay rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat verilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək bildirmişdir ki, son illər Aərbaycan höküməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq bəzi ölkələrdə bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir. Natiqlər Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildirmişlər.
Xocalı sakinləri çıxış edərək ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımdan söz açmışlar. Qeyd edilmişdir ki, 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törədilmişdir. Tədbirdə yüzlərlə insanın amansızlıqla qətlə yetirildiyi ürəkağrısı ilə yada salınmış, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb edilmişdir.
Bildirilmişdir ki, bu gün dünyanın hər yerində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir. Xocalı sakinləri bu gün Azərbaycanın 50 rayonunda məskunlaşmışdır. Öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbrsizliklə gözlədiklərini bildirən Xocalı sakinləri digər məcburi köçkünlərə də səbr və qətiyyət diləmişlər. Görüşdə Xocalıdan olan məcuri köçkünlərin sosial problemlərlə bağlı şikayətləri dinlənilmiş, onların həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində məcburi köçkünlərin iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.