Göyçayda gənclərlə görüş keçirilmişdir
Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində 2 fevral-Gənclər günü ilə bağlı müxtəlif sahələrdə çalışan gənclərlə görüş keçirilmişdir. Gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Tədbirdə çıxış edənlər gəncləri 2 fevral-Gənclər günü münasibətilə təbrik etmişdir. Natiqlər ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, gənclər siyasəti dahi rəhbər Heydər Əliyevin fəaliyyətində əsas yerlərdən birini tuturdu.
Gənclərin inkişafına daha çox diqqət yetirən ulu öndər Heydər Əliyev çox gözəl qeyd edirdi ki, ölkənin inkişafı, gələcəyi məhz gənclərdən asılıdır. Çünki gənclər cəmiyyətin ən fəal hissəsi olmaqla sağlam ideyaların daşıyıcısıdır. Onun diqqət və qayğısı nəticəsində bu istiqamətdə ölkəmizdə xeyli işlər görülmüş, xüsusi proqramlar qəbul edilmişdir. Çıxışlarda qeyd olunmuşdur ki, 2 fevral-Gənclər günü bayramını gənclərə məhz ulu öndər Heydər Əliyev bəxş etmişdir. Dahi şəxsiyyət Heydər Əliyev gənclərin intellektli, savadlı, vətənpərvərlik ruhunda böyümələri üçün onlara daim diqqət və qayğı göstərmişdir.
Gənclər çıxış edərək bildirmişlər ki, bu gün həmin siyasi kursu ölkə başçısı İlham Əliyev uğurla həyata keçirir. Gənclərə göstərilən diqqət və qayğı sağlam və savadlı gənc nəslin yetişməsinə xidmət edir. Tədbirdə qeyd olunmuşdur ki, son illər ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artmışdır. Rayonun fəal gəncləri çıxış edərək hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini qeyd etmiş, dahi şəxsiyyət Heydər Əliyevin əməllərini, ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildirmişlər.
Tədbirdə Göyçay gənclərinin təhsil, idman, idarəetmə sahəsində əldə etdiyi uğurlardan da bəhs edilmişdir.