Mədəniyyət və Turizm Nazirliyinin Göyçayda zona müşavirəsi keçirilmişdir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yanvarın 28-də Göyçayda regional müşavirə keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin şöbə müdirləri, eləcə də Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux, Göygöl və Yevlax rayon mədəniyyət və turizm şöbələrinin, kitabxanaların, tarix-diyarşünaslıq muzeylərinin, mədəniyyət mərkəzlərinin, uşaq-musiqi məktəblərinin, ev muzeylərinin rəhbərləri iştirak etmişdir. Müşavirədə çıxış edən nazir Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramı çərçivəsində ayrı-ayrı rayonlar üzrə görülən işlər, əldə edilən uğurlar, mövcud nöqsanlar, qarşıda duran vəzifələr və tətbiq ediləcək yeniliklər barədə danışmışdır. Tədbirdə bəzi rayonlarda kitabxanaların, uşaq musiqi məktəblərinin, tarix-diyarşünaslıq muzeylərinin maddi-texniki bazasının hələ də aşağı olduğu, mədəniyyət müəssisələrinin normal şəraiti olmayan binalarda fəaliyət göstərdiyi qeyd edilmiş, bu problemlərin aradan qaldırılması üçün lazımi işlərin görüləcəyi vurğulanmışdır.
Müşavirə zamanı yerlərdə mədəniyyət və turizmlə bağlı maddi-texniki bazanın durumu, kadrlarla iş və görülən tədbirlərin keyfiyyəti məsələsi də müzakirə edilmişdir. Çıxışlarda mədəniyyət və turizm sahələrində kadr potensialının artırılması, ali təhsilli gənclərin və mütəxəssislərin irəli çəkilməsinin vacibliyi vurğulanmışdır.