Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər. Yanvarın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmişdir. Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux, Göygöl və Yevlaxdan olan vətəndaşların iştirak etdiyi qəbulda qaldırılan məsələlər əsasən mədəniyyət müəssisələrinin, qədim mədəniyyət abidələrinin təmir və bərpası, işlə təmin edilmək, əl işlərinin fərdi satış-sərgisinin təşkili, musiqi alətləri, rəqs və səhnə geyimlərinə ehtiyacın ödənilməsi, uşaq musiqi məktəblərinin fəaliyyətinin genişləndirilməsi, yeni mədəniyyət mərkəzlərinin inşası, kitabxanaların əsaslı təmiri və digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən 40-dan artıq vətəndaşın bir sıra müraciətləri elə yerindəcə həll edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.