Gənclər gününə həsr olunmuş “Gənclər gələcəyimizidir” adlı vebinar keçirilmişdir
01 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyəti və Göyçay rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri gününə həsr olunmuş “Gənclər gələcəyimizidir” adlı vebinar keçirilmişdir.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Vebinarı giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
Sonra rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova rayon gənclərini təbrik edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşmışdır. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Göyçaylı gənclərin həqiqi vətənpərvər olaraq, Ali Baş Komandanın əmrinə daim hazır olmaları, ədalətsiz düşmənə qarşı amansızlığı, 44 günlük müharibə zamanı bir daha təsdiqini tapdı. Ordu sıralarına könüllü müraciət edənlərin Göyçaylı gənclər olduğu rayon sakinlərinə böyük qürur hissi yaşatdı.
Həmçinin bildirdi ki, yola saldığımız 2020-ci il ölkə prezidenti tərəfindən “Könüllülər” ili elan olunmuşdur. Pandemiya dövründə rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin, rayon İcra Hakimiyyətinin gənc könüllüləri Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə verilən ərzaq yardımlarının paylanmasında fəal iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ölkədə və Göyçay rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.