Maliyyə Nazirliyinin Göyçay rayonu üzrə maliyyə idarəsinin inzibati binasının açılış mərasimi olmuşdur.
Maliyyə Nazirliyinin Göyçay rayonu üzrə Maliyyə idarəsi üçün inşa olunmuş iki mərtəbəli müasir inzibati bina istifadəyə verilib. Ümumi sahəsi 934 kv.m. olan binanın birinci mərtəbəsində ümumilli liderimiz Heydər Əliyevin və prezident İlham Əliyevin çoxşahəli fəaliyyətindən bəhs edən güşə yaradılıb. Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması, xəzinə əməliyyatlarının uçotu və hesabatı, büdcənin proqnozlaşdırılması və digər sektorlarda normal fəaliyyət üçün hər cür şərait yaradılıb. Hər bir otaq internetə çıxışı olan kompüterlə təmin edilərək Maliyyə Nazirliyinin mərkəzi məlumat bazasına qoşulub. İnzibati bina isitmə və havalandırma sistemi, transformator və ehtiyat generatorla təmin olunub. Maliyyə əməkdaşları üçün nəzərdə tutulan yeməkxanada və iclas zalında da nümunəvi şərait yaradılıb. Açılış mərasimində iştirak edən qonaqlara məlumat verilib ki, Göyçay rayonu üzrə maliyyə idarəsində 17, regional maliyyə müfəttişliyində isə 6 əməkdaş çalışır. Yerli maliyyə idarəsi 55 büdcə təşkilatına xidmət göstərir. inzibati binanın istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Göyçay rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov regionlarda həyata keçirilən sosial layihələrdən, quruculuq-abadlıq işlərindən söz açıb. Bildirib ki, mərkəzi icra hakimiyyəti orqanlarının yerli strukturları üçün hər cür şəraiti olan müasir inzibati binaların tikilməsi sosial-iqtisadi inkişafın daha bir bariz numunəsidir. Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov ümüdvar olduğunu bildirib ki, yeni iş şəraitində maliyyə işçiləri daha səmərəli fəaliyyət göstərəcəklər.