Şəhid Rüfət Mayılovun ad günü qeyd edildi
31 yanvar 2021-ci il tarixində rayonun Kürdəmiş kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüfət Bəhram oğlu Mayılovun ad günü Şəhidin evində və məzarı önündə, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, N saylı hərbi hissənin zabit əsgər heyəti, dindarlar, ağsaqqallar və gənclərlə birlikdə qeyd olundu.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev rayon rəhbərliyi adından şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
Mərasimdə çıxış edənlər 20 yaşı tamam olan Rüfət Mayılovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Sonra N saylı hərbi hissənin kolektivi Rüfət Mayılovun döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışdılar.
Şəhidin atası Bəhram Mayılov bu gün Rüfətin ad günündə göstərilən diqqət və qayğıya görə rayon icra hakimiyyəti başçısına və N saylı hərbi hissənin rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.