Şəhid ailəsi və yaralanmış hərbiçilərlə növbəti görüş
Rayon İcra Hakimiyyətinin başçısı yanvarın 21-də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərin ailələrinə baş çəkib, həmçinin müharibədə yaralanmış hərbiçilərlə görüşüb.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Birinci Ərəbcəbirli kənd sakini Bayramov Həsən Ağaisa oğlunun və müharibədə yaralanmış İslamov Turan Əhəd oğlunun ailəsində olmuş və bildirmişdir ki, şəhidlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illər işğal altında olan torpaqlarımız işğaldan azad olunmuşdur.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya öz hərbi qüdrətini göstərmiş, şəhidlərimizin qanı yerdə qalmamışdır. Rayon rəhbəri şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağını qeyd etmiş, yaralıların tezliklə sağalmasını arzu edərək, bunun üçün lazım olan bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.