Göyçayda Xalq Şairi Rəsul Rza haqqında çəkilmiş filmin təqdimatı olmuşdur
Dekabrın 20-də Göyçay rayonunda Xalq Şairi Rəsul Rza haqqında çəkilmiş “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli filmin təqdimatı olmuşdur.
Göyçay rayon Mədəniyyət evində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, filmin çəkilişini həyata keçirən Yevlaxdakı EL Televiziya Şirkətinin məsul işçisi Günel Məmmədova, filmin ssenari müəllifi və rejissoru, beynəlxalq Rəsul Rza mükafatı laureatı Əhliman Qafarov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rəsul Rzanın həyat və fəaliyyəti barədə danışmışdır. Çıxışlarda qeyd edilmişdir ki, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanan Rəsul Rzanın əsərləri gündən-günə gəncləşərək daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır.
Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran R.Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli bədii nümunələr yaratmaqla yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır. Tədbirdə vurğulanmışdır ki, 1910-cu il mayın 19-da Göyçayda dünyaya göz açmış Rəsul Rza çox zəngin həyat yolu keçmişdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Ensiklopediyasının baş redaktoru və digər vəzifələri uğurla icra edən Rəsul Rza öz orijinal yaradıcılıq nümunələri ilə daim oxucuları düşündürmüş və onların ən sevimli müəlliflərindən olmuşdur.
Tədbirdə məlumat verilmişdir ki, EL Televiziya Şirkəti tərəfindən çəkilən “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli film şairin həyat və yaradıcılığına həsr olunmuşdur. Şairin xatirələri üzərində qurulan filmdə onun lirik, fəlsəfi və dünyəvi şeirləri bədiləşmiş dialoq şəkilində təqdim olunur. Bir saat 20 dəqiqəlik iki hissəli bədii-sənədli filmdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, şair Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin baş müəllimi, şərqşünas Fidan Rzayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, əməkdar artistlər Azad Şükürov, Zülfiyyə Eldarqızı, Ağalar Bayramov, Gülsabah Quliyeva, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova, Neft Daşları Mədəniyyət Sarayının bədii rəhbəri, bədii qiraətçi Ruhəngiz Mustafayeva və Günel Həsənzadə çəkilmişdir. Rəsul Rzanın öz səsi ilə başlayan və bitən filmdə şairin uşaqlıq və gənclik illəri, müdrik çağı, maraqlı xatirələri öz əksini tapmışdır. Filmin çəkilişləri Bakı, Göyçay, İsmayıllı və Yevlaxda həyata keçirilmişdir.