Göyçaylılar dahi rəhbər Heydər Əliyevin şəxsiyyətinə olan sonsuz el məhəbbətini nümayiş etdirmişlər
Göyçayda ulu öndər Heydər Əliyevin nurlu xatirəsi böyük ehtiramla yad edilmişdir. Dekabrın 12-də dahi rəhbər Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Göyçay şəhərində izdihamlı anma mərasimi olmuşdur. Gün ərzində Heydər Əliyev parkında aramsız olaraq hüznlü musiqi səslənmişdir.
Göyçayda dahi rəhbər Heydər Əliyevin xatirəsini anma mərasimi ömrünü Azərbaycanın inkişafına həsr edən görkəmli dövlət xadiminin ölməz şəxsiyyətinə olan sonsuz el məhəbbətinin nümayişinə çevrilmişdir. Belə ki, rayon ictimaiyyətinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Göyçay şəhərindəki möhtəşəm abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoymuş, ruhu qarşısında baş əymişlər. Mərasim iştirakçıları xalqımızın əbədiyaşar lideri Heydər Əliyevə ulu tanrıdan rəhmət diləmişlər. Sonra ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Orada ümummilli liderin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamları barədə məlumat verilmişdir. İftixar hissi ilə bildirilmişdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
Həmin gün Göyçay şəhərindəki “Şah” şadlıq sarayında ehsan mərasimi təşkil edilmişdir. 400-ə yaxın rayon sakininin iştirak etdiyi mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır. O, qeyd etmişdir ki, qeyri-adi səxsiyyəti, siyasi fəaliyyəti və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və qədirbilən xalqımız dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxt unutmur. Məlumat verilmişdir ki, xatirə günləri çərçivəsində rayonun ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dərslər keçirilmiş, idarə və təşkilatlarda “dəyirmi masa”lar təşkil olunmuşdur. Həmin gün rayonun məscidlərində ümummilli liderin ruhuna dualar oxunmuşdur.