Göyçayda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd edilmişdir
Göyçay rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə yığıncaq keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar. Toplantıda Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov çıxış edərək bildirmişdir ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən siyasi qurum olmuşdur.
Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas olmuş və inkişafa nail olmuşdur. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. YAP Göyçay rayon təşkilatının sıralarında ilk əvvəl 540 nəfər partiya üzvü vardısa, indi Göyçayda 88 ilk partiya təşkilatında 7493 nəfər siyasi həmfikir birləşir. Onlardan 4296 nəfərini qadınlar, 2899 nəfərini isə 35 yaşadək gənclər təşkil edir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mühüm rolundan, ölkəmizin sosial-iqtisadi inkişafından, Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm sosial layihələrdən söz açmış, ümumi inkişaf naminə hər kəsə uğurlar arzulamışdır. Bildirilmişdir ki, YAP bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyasını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır. Ötən ay keçirilən Prezident seçkilərinə YAP-ın namizədi İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsi xalqımızın qələbəsidir. Ölkədə əldə olunan böyük uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq.
Sonra YAP rayon təşkilatının fəal üzvləri çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışmışlar.