Göyçay rayon İcra Hakimiyyəti başçısı yanında Xüsusi Qərargah sərtləşdirilmiş karantin rejiminin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı növbəti videokonfrans keçirilib
22 dekabr 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə Xüsusi Qərargahın videokonfrans formatında növbəti iclası keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında keçirilən iclasından söz açaraq sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini qeyd etdi. Həmçinin qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib.
Sonra Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Elçin Bilalov çıxış edərək rayon ərazisində koronavirus infeksiyasına yoluxanlar və yoluxmaya qarşı aparılan müalicə-profilaktika tədbirləri barədə məlumat verib.
Karantin qaydalarını pozanlar və onlarla bağlı görülmüş tədbirlər barədə rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov məlumat verib.
Videokonfransda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub.
Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.